Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.
1xeber.media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəmcandakı həbsxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.
Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər.
“Nərgiz Məhəmmədinin həyatı təhlükədədir”, - deyə onun həyat yoldaşı Tağı Rəhmani qeyd edib.
Qeyd edək ki, N. Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib.
O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.
















