Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və teatrın 143 illik yubileyinə həsr edilmiş “Şərqin qapısı” teatr festivalı uğurla davam edir.
1xeber.media xəbər verir ki,festivalın üçüncü günündə Şuşa Dövlət Musiqili Dram Teatrı böyük dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Valeh Məmmədovdur. Tamaşada rolları aktyorlar Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Nihad Heybətov, Rasəf Mehdiyev və Orxan Abışov məharətlə ifa ediblər.
Festival çərçivəsində nümayiş olunan tamaşalar Azərbaycan teatr sənətinin zəngin ənənələrinin təbliği, teatrlararası yaradıcılıq əlaqələrinin genişləndirilməsi və milli dramaturgiyanın inkişafına töhfə vermək məqsədi daşıyır.
Tamaşanın sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı direktorunun vəzifə səlahiyyətlərini icra edən Azad Məmmədov, Naxçıvan Milli Dram Teatrının baş rejissoru və direktoru Mir Qabil Əkbərova gözlənilməz və dəyərli bir sürpriz edib.
Azad Məmmədov həmkarı Mir Qabil Əkbərovun bir vaxtlar Şuşa teatrının səhnəsində aktyor kimi fəaliyyət göstərdiyi illəri xatırladaraq, arxivdən tapılmış nadir bir fotoşəkili ona təqdim edib. Həmin fotoda Mir Qabil Əkbərovun Şuşa teatrının səhnəsində qoyulmuş "Ana" tamaşasında canlandırdığı Orxan obrazı əks olunub.






















