"Ege Hospital”da uğursuz əməliyyat keçirən vətəndaş klinikanı məhkəməyə verib.
1xeber.media xəbər verir ki,Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, sözügedən klinikada müxtəlif vaxtlarda müayinələrə cəlb olunduğunu və yekunda həkim tərəfindən vətəndaşa "Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozu qoyulduğunu bildirib.
Bundan sonra, iddiaçı "paratiroidektomiya” əməliyyatına göndərilib. Vətəndaşın əməliyyatdan sonra sağlamlığında müsbət yöndə dəyişikliklərin olmamasını əsas gətirib və həkim ona ikinci əməliyyata ehtiyac olduğunu bildirib.
Lakin "Ege Hospital”a inamı qalmayan pasiyent Türkiyəyə üz tutub və burada özəl xəstəxanaların birində əməliyyat olunub. Bundan sonra pasiyentin sağlamığında müsbət yöndə dəyişiklik baş verib.
Vətəndaş Bakıya qayıtdıqdan sonra sağlamlığına vurulan ziyana görə "Ege Hospital”da məhkəməyə verib.
Onun sözlərinə görə, "Ege Hospital”da 2020 manat xərc çəkib, Türkiyədəki əməliyyatına isə 21 min manatdan artıq vəsait sərf edib. Ümumilikdə ona mənəvi zərərlə birlikdə 70 min manat ziyan dəyib.
Nərimanov Rayon Məhkəməsi vətəndaşın iddiasını qismən təmin edib. Və "Ege Hospital”dakı uğursuz əməliyyata görə 1955 manat, vətəndaşın Türkiyəyə gediş-gəliş xərcləri üçün sərf etdiyi 4772 manat, eləcə də həmin ölkədə özəl xəstəxanada müayinə və əməliyyat üçün ödədiyi 233 min türk lirəsi (8621 AZN) və mənəvi zərərin qarşılığı üçün 5000 manatın "Ege Hospital” tərəfindən pasiyentə ödənilməsinə dair qətnamənə çıxarıb.
Məhkəmə qeyd edib ki, iddiaçının sağlamlığına zərər vurulmasında tibbi yardım və xidmətlər həyata keçirən "Ege Hospital”ın bilavasitə təqsiri var.
"Ege Hospital” qərardan apellyasiya və daha sonra kassasiya şikayəti verib. Lakin məhkəmələr özəl klinikanın şikayətini təmin etməyib.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, "Ege Hospital”a nəzarəti həkim-kosmetoloq Gültəkin Qəniyeva həyata keçirir. O, bu klinikanın daha öncə Müşahidə Şurasının sədri olan Barat Yusubovun həyat yoldaşıdır. B.Yusubovun son vəzifəsi Yeni Klinikanın direktoru olub. O, bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılıb.















