Avropa Komissiyası Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji böhranının təsirlərini azaltmaq məqsədilə Avropa İttifaqına (Aİ) üzv dövlətləri üçün büdcə qaydalarının yumşaldılması imkanını nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası hərbi xərclərlə bağlı tətbiq olunan güzəştlərə bənzər mexanizmlərdən istifadə edə bilər. Bu halda Avropa ölkələri Aİ-nin fiskal intizam qaydalarını pozmaq riski olmadan enerji sahəsinə ümumi daxili məhsulun (ÜDM) təxminən 0,3 faizi həcmində əlavə vəsait yönəldə bilərlər.
Bildirilir ki, mümkün həll variantlarının detalları hələ də müzakirə mərhələsindədir və yekun qərar qəbul edilməyib.
Avropa İttifaqında dövlət maliyyəsinə dair sərt qaydalar qüvvədədir. Bu qaydalara əsasən, üzv dövlətlərin büdcə kəsiri ÜDM-in 3 faizini aşmamalıdır. Həddi pozan ölkələr isə Aİ tərəfindən maliyyə sanksiyaları ilə üzləşə bilərlər.
Aİ-nin müdafiə potensialının gücləndirilməsi çərçivəsində Avropa Komissiyası üzv dövlətlərə zərurət yarandıqda maliyyə qaydalarından müvəqqəti kənara çıxmağa imkan verəcəyini açıqlayıb. Bu mexanizmə əsasən, üzv ölkələr qayda pozuntusu hesab edilmədən ÜDM-in 1,5 faizinədək hissəsini hərbi xərclərə yönəldə biləcəklər.
















