Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün
dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da
diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin
açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
İyunun 1-də Bakıda öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz
Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində
dövlət başçısı İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji
inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı
tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – deyə
dövlətimizin başçısı əlavə edib.
Tədbirdə 44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər
sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Dövlət başçısı İlham Əliyev tədbirin sərgilərinin açılış mərasimində bildib ki, dünya
qazıntı yanacağı olmadan yaşaya bilməz. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki,
hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha
yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə
əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin
bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, – deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında qeyd edib ki, bu gün
Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri
tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki,
indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu
söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Düzgün enerji siyasətinin bizə
indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı
vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə
yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya
investisiya qoyur və coğrafiya isə böyüyəcək”.
Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik. Qara dəniz
enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir
çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə
mərhələsində olduğunu diqqətə çatdırıb.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və
enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60
faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli
beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə
edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək
sponsor kimi iştirak edirlər.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi
qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində
nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji
tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin
möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.
Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə
uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji
mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi
“Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı
nüfuzlu bir forum kimi tanınır.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi
olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin
məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin
iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas
sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı
təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa
bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar
sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və
rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji
mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının
kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi
mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə
qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi
ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu
yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da
“yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, “Bakı Enerji Həftəsi”
bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına
və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin
başçısı bildirib.
Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən növbəti mötəbər tədbir
ölkəmizə və Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru
















