Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər.
1xeber.media xəbər verir ki, bu barədə "Actu17" portalı məlumat yayıb.
Məlumata görə, əsərin dəyəri on milyonlarla avro ilə qiymətləndirilir. Söhbətin məhz hansı tablodan getdiyi açıqlanmayıb. Bildirilir ki, rəsm əsəri daha əvvəl Parisdə yerləşən saxlanc məntəqələrindən birindən oğurlanıb.
Cümə günü Şampinyi-sür-Marn kommunasında yerləşən mənzildə aparılan axtarış zamanı polis əməkdaşları tablodan əlavə yüz minlərlə avro dəyərində dizayner geyimləri, təxminən 20 kiloqram həşiş və 7 min avro nağd pul da aşkarlayıblar.
Faktla bağlı altı nəfər saxlanılıb, onlardan dördü artıq məhkəmə qarşısına çıxarılıb.
İstintaqın məlumatına görə, şübhəlilərdən biri saxlanc məntəqəsində mühafizəçi işləyib və oradakı qiymətli əşyaları tədricən oğurlayaraq kənara çıxarıb.
















