İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib.
1xəbər.media xəbər verir ki, tədbirdə əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə 1xəbər.media-ya açıqlamasında bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni əməkdaşlığının əsasını qoyan tarixi hadisələrdən biri olub.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qurultayın 100 illiyi münasibətilə il ərzində müxtəlif tədbirlər keçirilir və “Türk Dünyası Həftəsi” də həmin silsilənin mühüm hissəsidir.
“Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən gündəmə gəlməsi təkcə tarixi yaddaşın yenilənməsi deyil, həm də türk dünyasının ortaq elmi və mədəni irsinin müasir dövrdə yenidən qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu tədbirlər gələcəyə hesablanmış yeni əməkdaşlıq platformalarının formalaşmasına xidmət edir”, – deyə deputat vurğulayıb.
Arzuxan Əlizadə qeyd edib ki, yubiley tədbirləri türk dövlətlərinin universitetləri, elmi-tədqiqat institutları və akademiyaları arasında əlaqələrin genişlənməsinə, ortaq layihələrin hazırlanmasına və elmi mübadilənin güclənməsinə yeni imkanlar yaradacaq.
Onun fikrincə, qədim əlyazmaların birgə tədqiqi, türk dilləri üzrə müasir terminologiya bazalarının hazırlanması, akademik proqramların genişləndirilməsi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq türk dünyasının gələcək inkişafına mühüm töhfə verə bilər.
Deputat bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə yönəlmiş strateji əməkdaşlıq platformasıdır. Onun sözlərinə görə, ortaq elmi, təhsil və mədəni layihələrin həyata keçirilməsi türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə və türk dünyasının birliyinin güclənməsinə xidmət edəcək.
Müəllif: Aysel Timur
1xəbər.media














