Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son illər Azərbaycana münasibətdə sərgilədiyi mövqe yenidən müzakirə mövzusuna çevrilib. İyunun 24-də qəbul edilən son qətnamədən sonra rəsmi Bakı sənəddə hüquqi deyil, siyasi yanaşmanın üstünlük təşkil etdiyini bəyan edib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev 1xəbər.media-ya açıqlamasında bildirib ki, AŞPA son illərdə qəbul etdiyi qərarlarla beynəlxalq nüfuzuna ciddi zərbə vurub.
Onun sözlərinə görə, qurum getdikcə obyektiv mövqedən uzaqlaşaraq müəyyən siyasi dairələrin təsiri altında fəaliyyət göstərir və Azərbaycana münasibətdə beynəlxalq hüquqa deyil, siyasi maraqlara əsaslanan yanaşma nümayiş etdirir.
Deputat qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti yeni deyil və illərdir müxtəlif qətnamələrdə, eləcə də Assambleya üzvlərinin çıxışlarında anti-Azərbaycan ritorikası müşahidə olunur. Tahir Rzayev hesab edir ki, bu yanaşmanın arxasında Azərbaycanın müstəqil siyasətini, son illərdə qazandığı siyasi, diplomatik və hərbi uğurları qəbul etmək istəməyən qüvvələr, həmçinin erməni lobbisi və müxtəlif maraq qrupları dayanır.
Millət vəkili vurğulayıb ki, qəbul olunan bu tip qətnamələrin hüquqi baxımdan Azərbaycana təsir gücü yoxdur. O bildirib ki, Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və dövlətə qarşı fəaliyyət göstərən şəxslərə münasibətdə qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir.
Tahir Rzayev əlavə edib ki, bəzi beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirməyə çalışsalar da, ölkənin enerji təhlükəsizliyi, strateji nəqliyyat layihələri və regional əməkdaşlıqdakı artan rolu bu cür kampaniyaların təsirsiz olduğunu göstərir.
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, illər keçsə də, AŞPA-nın Azərbaycana münasibəti dəyişmir.
Deputatın sözlərinə görə, qurum daxili problemlərin həlli əvəzinə, reallığı əks etdirməyən və qərəzli mövqelərə əsaslanan sənədlərin hazırlanmasına üstünlük verir. Onun fikrincə, AŞPA artıq obyektiv beynəlxalq platformadan çox, müxtəlif siyasi və geosiyasi maraqların təsiri altında fəaliyyət göstərən bir təsisat təsiri bağışlayır.
Müşfiq Cəfərov qeyd edib ki, Assambleyanın sənədlərində əsasən Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan şəxslərin və bəzi qeyri-hökumət təşkilatlarının iddialarına yer verilir, rəsmi Bakının arqumentləri isə nəzərə alınmır. Bu isə sənədlərin balanslı deyil, birtərəfli hazırlandığını göstərir.
Deputat həmçinin bildirib ki, son illərdə Avropanın müxtəlif ölkələrində media azadlığı, jurnalistlərin saxlanılması, etiraz aksiyalarına müdaxilə və siyasi hüquqların məhdudlaşdırılması ilə bağlı ciddi faktlar olsa da, AŞPA həmin ölkələrə münasibətdə Azərbaycana göstərdiyi qədər sərt mövqe sərgiləmir. Onun fikrincə, bu da qurumun fəaliyyətində ikili standartların mövcudluğu ilə bağlı iddiaları gücləndirir.
Deputatlar hesab edirlər ki, ayrı-ayrı siyasi dairələrin qərəzli kampaniyaları Azərbaycanın müstəqil siyasi kursuna təsir göstərə bilməz və ölkə bundan sonra da milli maraqlarını əsas tutaraq beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və hüququn aliliyi prinsiplərinə sadiq qalacaq.
Aysel Timur
1xeber.media

















