Avropa İttifaqı Azərbaycanın, xüsusilə də Prezidentin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ursula Fon der Lyayen arasında Bakıda keçirilən görüş və mətbuata verilən bəyanatlar regionun gələcək siyasi və iqtisadi xəritəsi baxımından diqqət çəkən mesajlarla yadda qalıb. Tərəflər enerji təhlükəsizliyi, regional sülhün möhkəmləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıqlarını ifadə ediblər. Avropa İttifaqının Cənubi Qafqaz üçün yeni investisiya təşəbbüslərini açıqlaması isə bu səfərin strateji əhəmiyyətini daha da artırıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə 1xəbər.media-ya açıqlamasında deyib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər hazırda normal məcrada inkişaf edir və yüksələn xətt üzrə davam edir:
“Avropa İttifaqının rəhbərliyi Azərbaycanı etibarlı və strateji əhəmiyyətə malik tərəfdaş kimi qiymətləndirir. Yaxın zamanda Avropa İttifaqının iki əsas rəhbərinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa Şurasının sədrinin Azərbaycana səfəri də bu münasibətlərin təşkilat üçün nə qədər önəmli olduğunu bir daha nümayiş etdirir. Azərbaycan bu gün Avropanın yalnız enerji tərəfdaşı deyil, eyni zamanda qarşılıqlı maraqlar, dünyada əmin-amanlığın təmin olunması və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərən mühüm tərəfdaşdır. Artıq münasibətlərimiz çoxdan enerji təhlükəsizliyi çərçivəsini aşaraq daha geniş sahələri əhatə edir”.
Deputatın sözlərinə görə, Avropa Komissiyası prezidentinin Azərbaycana səfəri də məhz bu əməkdaşlıq çərçivəsinin daha da genişlənməsinə və münasibətlərin dərinləşməsinə xidmət edir:
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi yüksək fikirlər göstərir ki, Avropa İttifaqı Azərbaycanın, xüsusilə də Prezidentin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir. Bu siyasət regionda sülhün, sabitliyin və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Prezidentin xalqın dəstəyinə arxalanaraq apardığı siyasətin bundan sonra da regionda sülhün və əmin-amanlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir”.
Siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, Avropa İttifaqı Komissiyası rəhbərinin Azərbaycana səfəri və ölkəmizə göstərilən xüsusi diqqət də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bir daha ortaya qoyur:
“Avropa İttifaqı təmiz və yaşıl enerji sahəsində Azərbaycana böyük ümid bəslədiyini açıq şəkildə ifadə edib. Xüsusilə təmiz elektrik enerjisinin ixracı istiqamətində Azərbaycan əsas tərəfdaş ölkələrdən biri hesab olunur. Bu baxımdan, xüsusilə Qarabağ bölgəsinin geniş potensialı, eləcə də Xəzər dənizinin külək enerjisi imkanları xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı öz qrantları, nəqliyyat və rəqəmsal imkanları vasitəsilə Azərbaycana investisiya dəstəyini daha da artıracaq. Burada 200 milyon avroluq qrant paketindən söhbət gedir. Eyni zamanda, Avropa İttifaqının sülh prosesinə dəstəyini davam etdirməsi son dərəcə vacibdir. Çünki Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəməyən müxtəlif qüvvələr mövcuddur”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın Ermənistana elektrik kabelinin çəkilməsi təşəbbüsü də Bakının hərbi, siyasi və iqtisadi gücünün göstəricilərindən biridir:
“Ermənistanla reinteqrasiya prosesinin müzakirəsi fonunda Naxçıvana dəmir yolu xəttinin açılması məsələsi də gündəmdədir. Bu layihəyə Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankı birbaşa dəstək verir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə problemi hələ də ciddi olaraq qalır. Humanitar fəaliyyət çərçivəsində Avropa İttifaqının bu istiqamətdə daha fəal rol oynaması və dəstəyini artırması vacibdir”.
Aysel Timur















