Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkəmizdə rəqəmsal transformasiya siyasətinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi və institusional hadisədir. Bu iclas bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar rəqəmsal inkişaf sahəsində də sistemli, vahid strateji yanaşma əsasında uğurla davam etdirilir.
1xeber.media bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan uzun illər enerji resurslarından əldə etdiyi gəlirləri insan kapitalının gücləndirilməsinə, müasir infrastrukturun yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldib: “İndi isə qarşıda duran əsas hədəf bu möhkəm təməl üzərində bilik, innovasiya və rəqəmsal texnologiyalara əsaslanan yeni iqtisadi inkişaf modelini sürətləndirməkdir. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilən prioritetlər də məhz bu strateji məqsədə xidmət edir. Bu yanaşma qərarların elmi əsaslara, dəqiq təhlilinə və analitik proqnozlara söykənərək daha operativ, obyektiv və səmərəli qəbul edilməsini təmin etməklə yanaşı, insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsinə, dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın, çevikliyin və institusional effektivliyin daha da gücləndirilməsinə mühüm töhfə verəcək”.
S.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü koordinasiya nəticəsində Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurlar daha da genişlənəcək, ölkəmiz innovativ dövlət idarəçiliyi modeli və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
“Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanı daha da gücləndirəcək, rəqəmsal transformasiya proseslərini sürətləndirəcək və nəticə etibarilə Azərbaycanı regionun aparıcı texnologiya, innovasiya və rəqəmsal xidmətlər mərkəzlərindən birinə çevirəcək. Bu isə ölkəmizin qlobal rəqabət qabiliyyətinin yüksəlməsini, qeyri-neft sektorunun daha da inkişafını və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yeni səviyyəyə çatdırılmasını təmin edəcək”, - deyə deputat qeyd edib.
















