Ermənistan parlamenti ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran yeni qanun qəbul edib. Dəyişikliyə əsasən, xaricdə yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində səs vermək üçün son iki ilin ən azı yarısını ölkə ərazisində yaşamış olmalıdırlar.
1xeber.media xəbər verir ki, qanun iyunun əvvəlində keçirilən parlament seçkilərindən sonra qəbul edilib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası bildirib ki, məqsəd ölkənin daxili ictimai-siyasi həyatında fəal iştirak etməyən şəxslərin seçki prosesinə təsir imkanlarını məhdudlaşdırmaqdır.
Qərb kəşfiyyat mənbələrinə istinad edən Reuters daha əvvəl yazmışdı ki, Rusiya seçkilər öncəsi Ermənistanda təsir imkanlarını artırmağa çalışıb. Agentliyin məlumatına görə, Moskvanın Rusiyada yaşayan on minlərlə ermənini səsvermə üçün Ermənistana gətirməyi planlaşdırdığı iddia olunurdu. Rusiya bu ittihamları rədd edib.
Yeni qanun isə ölkə daxilində mübahisələrə səbəb olub. Bir sıra vətəndaş cəmiyyəti təşkilatları sənədi Konstitusiyaya zidd adlandıraraq xaricdə yaşayan ermənilərin siyasi hüquqlarının məhdudlaşdırıldığını bildiriblər. Hakimiyyət isə dəyişikliklərin seçki prosesinin şəffaflığını və ölkə ilə real bağlılığı olan seçicilərin iştirakını təmin etməyə yönəldiyini müdafiə edir.
















