Vüqar İskəndərov: Birinci vitse-prezident Mehriban Əliyevanın da qeyd etdiyi kimi, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.
“Bu gün görürük ki, süni intellekt və rəqəmsal inkişaf dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Birinci vitse-prezident Mehriban Əliyevanın da qeyd etdiyi kimi, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır və artıq bu sahədə mərkəzi yer tutur”.
Bu fikirləri deputat Vüqar İskəndərov 1xeber.media-ya açıqlamasında deyib.
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın ilk iclasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik edib. İclasda müzakirə olunan əsas prioritet istiqamətlər dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir.
Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətlə gedir. Bu isə öz növbəsində həm yeni imkanlar, həm də yeni risklər yaradır. Bu baxımdan rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatlarının aparılmasına da zərurət yaranır”.
Deputat bildirib ki, hazırda vətəndaşlar və biznes subyektləri dövlət xidmətlərinə çıxış üçün mobil telefonlarında bir neçə tətbiqdən istifadə edirlər.
“Ölkəmizdə artıq süni intellektin tətbiq sahələri genişləndirilir. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək. Bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Müasir texnologiyaların, xüsusilə də süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası Fəaliyyət Planının əsas strateji prioritetlərindən biridir. Belə ki, 2026-cı il ərzində “mygov” platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin həyata keçirilməsi planlaşdırılır”.
Aysel
1xeber.media
















