Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.
1xeber.media xəbər verir ki, söhbət zamanı tərəflər baytarlıq və fitosanitar nəzarəti sahəsində iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.
Müzakirədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü, ixrac prosedurlarının sürətləndirilməsi, Rusiyadan Azərbaycana ixrac olunan iri və xırdabuynuzlu heyvanların identifikasiyası diqqət mərkəzində olub. Bununla yanaşı, baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, fitosanitar istiqamət üzrə inteqrasiya prosesi artıq uğurla başa çatdırılıb.
Telefon danışığı zamanı baytarlıq preparatlarının hazırlanması və istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə Rusiya təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanda AQTA nümayəndələrinin Rusiyaya səfəri barədə razılıq əldə olunub.

















