1xeber.media xəbər verir ki, Moskva vilayətinin İstra şəhərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum zamanı yaralanan qadın əməliyyat olunub.
İstra bələdiyyə dairəsinin rəhbəri Tatyana Vituşevanın "Telegram" kanalında yaydığı məlumata görə, qadının vəziyyəti stabilləşdirilib.
Onun sözlərinə görə, digər zərərçəkən şəxsdə yüngül qəlpə yaraları aşkarlanıb. Hazırda o, həkimlərin nəzarəti altındadır və vəziyyəti stabildir.
Vituşeva bildirib ki, üçüncü yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl İstra rayonunun Pionerski qəsəbəsində 7 fərdi yaşayış evinin tamamilə dağıldığı, daha bir neçə yaşayış binasının isə zədələndiyi açıqlanmışdı. Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində bələdiyyə dairəsinin 3 sakini həyatını itirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, iyulun 13-nə keçən gecə ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 342 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Moskva meri Sergey Sobyanin isə paytaxt istiqamətində 300-dən çox PUA-nın hərəkət etdiyini bildirmişdi.

















