Bu günlərdə Azərbaycan Hava Yolları (AZAL) ilə Bakı–Moskva marşrutu üzrə planlaşdırılan uçuş Moskvadakı mövcud vəziyyət nəzərə alınaraq sərnişin tərəfindən ləğv edilib. Bilet qaydalarında qeyd olunduğu kimi, geri qaytarılma zamanı 75 avro cərimə tutulacağı göstərilsə də, faktiki hesablamada bundan əlavə vergilər və əvvəlcədən seçilmiş oturacaqlar üçün ödənilmiş vəsait də geri qaytarılmayıb.
1xeber.media Bizimesr.com-a istinadla xəbər verir ki, şikayətçi iki nəfər üçün gediş-dönüş istiqamətində əvvəlcədən seçilmiş oturacaqlara görə ödənilən 78 AZN və digər tutulmalar nəticəsində ümumilikdə təxminən 310 AZN məbləğ geri ödənilən vəsaitdən çıxıldığını bildirib.
Sərnişin haqlı olaraq sual edir ki, istifadə olunmayan oturacaqların və vergilərin pulu niyə tutulmalıdır?
Xidmət göstərilmədiyi halda həmin xidmətlərə görə ödənilən məbləğin saxlanılması nə qədər ədalətlidir?
Bundan əlavə, həmin gün saat 09:15 reysi ilə Moskvaya uçmalı olan digər sərnişinlər, o cümlədən şikayətçinin qohumları da uzun gecikmə ilə üzləşiblər. Bildirilib ki, reys planlaşdırılan vaxtdan xeyli gec – saat 13:00-da həyata keçiriləcək.
Şikayətçi bildirir ki, əgər biletlərini əvvəlcədən qaytarmasaydılar, gecikmə səbəbindən növbəti reyslərinə də çata bilməyəcəkdilər. Buna baxmayaraq, yaranmış fors-major vəziyyəti nəzərə almaq əvəzinə, yalnız cərimələrin tətbiq olunması sərnişinlərdə ciddi narazılıq yaradır.
Sərnişin AZAL-dan yaranmış vəziyyətə aydınlıq gətirilməsini, istifadə olunmayan xidmətlərə görə tutulan vəsaitin əsaslandırılmasını və geri qaytarılan məbləğin yenidən düzgün hesablanmasını tələb edir.

















