Qeyri-Hökumət Təşkilatı təmsilçiləri IV Şuşa Qlobal Media Forumunu və Prezident İlham Əliyevin tədbirdəki çıxışından ən diqqətçəkən mesajları yada salıblar.
1xeber.media xəbər verir ki, onlar forumun qlobal informasiya məkanındakı əhəmiyyətini yüksək qiymətləndirib, dövlət başçısının Şuşadan dünyaya çatdırdığı mesajların regional sülh və əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli:
“IV Şuşa Qlobal Media Forumu bir daha Azərbaycan dövlət başçısının çağdaş dövrümüzün vizyoner siyasi liderlərindən biri kimi qəbul olunduğunu göstərdi. Forumda Prezident İlham Əliyev bir daha Azərbaycanın qlobal gündəliklə bağlı mövqeyini, strateji baxışını və ölkənin artan nüfuzunu əks etdirən mühüm mesajlar səsləndirdi. Dövlət başçısı forumdakı çıxışında Azərbaycanın qlobal gündəliyini aydın şəkildə müəyyən etdi: “Qlobal gündəlik inkişaf, davamlı inkişaf, Qarabağın bərpası və yenidən qurulması, bütün layihələrimizin tamamlanmasıdır ki, bu da yeni nəqliyyat marşrutlarına və əlaqələndirməyə gətirib çıxaracaq”. Eyni zamanda, dövlət başçısı rəqəmsal transformasiya və süni intellektin inkişafını da Azərbaycanın əsas inkişaf hədəflərindən biri kimi qeyd etdi. Bu, ölkəmizin qlobal texnoloji tendensiyalarla ayaqlaşmaq və informasiya müstəvisində müasir çağırışlara cavab vermək qətiyyətini nümayiş etdirdi”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin forumdakı çıxışının ən diqqətçəkən məqamlarından biri Azərbaycanın “orta dövlət” (middle power) kimi tanınması ilə bağlı açıqlamaları olub:
“Dövlət başçısı ekspertlərin Azərbaycanı artıq orta dövlət kimi qiymətləndirdiyini qeyd edərək vurğuladı: “Bu terminologiya ölkənin potensialının tanınması, milli maraqlarını müdafiə etmək qabiliyyəti deməkdir – böyük dövlətlərin nə düşündüyündən və ya nə etdiyindən asılı olmayaraq”.
Azərbaycanın qlobal nəqliyyat-logistika layihələrindəki uğurları və strateji perspektivləri forumun mühüm müzakirə mövzularından biri oldu. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu gün Avrasiyada Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal variantlardan birinə çevrilib. 2019-cu illə müqayisədə Orta Dəhlizlə daşınan yüklərin həcmində beş dəfəyədək artım qeydə alınıb. Yüklərin həcminin sürətlə artması Azərbaycanın bu marşrutda artan nüfuzunun göstəricisidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ile Orta Dəhlizdə əlavə olaraq ildə 15 milyon ton yük daşınması gözlənilir.
Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat-logistika layihələri Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirərək ölkənin iqtisadi potensialını və beynəlxalq əhəmiyyətini daha da artırır.
Nəhayət, Azərbaycanın dürüstlük və etibarlılıq əsasında qurulmuş xarici siyasət kursu ona nəinki regional, həm də qlobal səviyyədə etimad qazandırıb. IV Şuşa Qlobal Media Forumu bir daha ölkəmizin artan nüfuzunu, reputasiyasını və möhkəm mövqeyini nümayiş etdirdi”, - deyə Zaur İbrahimli vurğulayıb.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə dövlət başçısının forumla bağlı bu fikirlərinə diqqət çəkib:
“Forumun keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən olan media nümayəndələrinin ümumi maraq və qarşılıqlı əhəmiyyət kəsb edən məsələləri müzakirə edə biləcəyi bir mühit yaratmaq, eyni zamanda onlara Qarabağ və Şuşa ilə yaxından tanış olmaq imkanı vermək idi”.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov:
“Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan və 28 il işğal altında kalmış qədim Şuşa şəhərində IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Builki forumun mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”dır. Dezinformasiyanın və informasiya müharibələrinin geniş yayıldığı indiki zamanda belə forumların əhəmiyyəti daha aydın görünür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxış edərək tədbirlə bağlı deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli:
“Şuşa Qlobal Media Forumu son illərdə beynəlxalq media nümayəndələrini və ekspertləri bir araya gətirən nüfuzlu platformalardan birinə çevrilib. Forum qlobal informasiya məkanında aktual çağırışların, media etikası, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə və beynəlxalq informasiya əməkdaşlığı kimi məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır.
Forumun Şuşada keçirilməsi isə simvolik məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan və uzun illər işğalın, informasiya manipulyasiyalarının hədəfi olmuş bu şəhər bu gün beynəlxalq dialoq, əməkdaşlıq və həqiqətin müdafiəsini təşviq edən nüfuzlu platformaya çevrilib. Bu, Azərbaycanın postmünaqişə dövründə sülh gündəliyinə, beynəlxalq əməkdaşlığa və etibarlı informasiya mühitinin formalaşdırılmasına verdiyi töhfənin mühüm göstəricilərindən biridir.
IV Şuşa Qlobal Media Forumunun bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilməsi müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq kəsb edir. İnformasiya müharibələrinin, dezinformasiya manipulyasiyalarının, saxta xəbərlərin geniş yayıldığı bir şəraitdə medianın əsas vəzifəsi həqiqətə söykənən, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir. Sülhün davamlı olması üçün yalnız siyasi razılaşmalar kifayət deyil, eyni zamanda informasiya məkanında etimad mühitinin formalaşdırılması vacibdir”.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva isə beynəlxalq tədbirin əsas məqsədini Azad Şuşadan dünyaya verilən mühüm mesajlar adlandırıb:
“Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə keçirilən görüşdə media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın regional və qlobal gündəmdəki mövqeyi, sülh, əməkdaşlıq və beynəlxalq proseslərlə bağlı mühüm mesajlarını bölüşdü”.
















