1xeber.media xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında siklosporoz (Cyclospora) infeksiyasının yayılmasına səbəb olan ehtimal olunan mənbə kimi kahı salatı göstərilib.
Məlumata görə, ştatda artıq 2,6 mindən çox yoluxma halı qeydə alınıb. İlkin araşdırmalara əsasən, infeksiyanın mənbəyi kahı və ya digər yarpaqlı tərəvəzlər ola bilər. Hazırda həmin məhsulun istehsalçısı və ya təchizatçısı müəyyən edilməyib.
Siklosporoz bağırsaq infeksiyasına səbəb olan parazitar xəstəlikdir və əsasən güclü, qəfil başlayan sulu ishal ilə müşayiət olunur.
Mütəxəssislərin məlumatına görə, xəstələrdə qarın ağrısı və spazmlar, köp, iştahsızlıq, ürəkbulanma və halsızlıq da yarana bilər. Müalicə olunmadıqda ishal bir neçə həftə davam edə bilər.
Həkimlər xəstəlikdən qorunmaq üçün meyvə və tərəvəzləri istifadədən əvvəl yaxşı yumağı, həmçinin qida hazırlanarkən gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.

















