Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün və sabah Ukraynada danışıqlar aparacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyə XİN-dən məlumat verilib.
Səfər zamanı Fidanın Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul ediləcəyi, həmçinin xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Prezident Aparatının rəhbəri Kiril Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Krım tatarlarının milli lideri Mustafa Cəmil və Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov da daxil olmaqla yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcəyi planlaşdırılır.
Nazir Fidanın Türkiyə-Ukrayna münasibətlərinin bütün sahələrdə, xüsusən də iqtisadiyyat, enerji və müdafiə sahələrində daha da inkişaf etdirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd olunur ki, Türkiyə XİN-in rəhbəri Ankaranın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Fidan, həmçinin Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayacaq və Türkiyənin Ukrayna ilə Rusiyanı danışıqlar masasına qaytarmağa hazır olduğunu bildirəcək.
Bundan əlavə, Fidanın Rusiya-Ukrayna münaqişəsinin Qara dənizə yayılmasının qarşısının alınmasının və burada təhlükəsiz naviqasiyanın təmin edilməsinin, gərginliyin azaldılmasının vacibliyini vurğulaması gözlənilir.
Bununla yanaşı, nazir danışıqlar zamanı türk şirkətlərinin Ukraynadakı mövcud investisiyaları və layihələri vasitəsilə bu ölkənin yenidən qurulmasında iştirakı məsələlərini müzakirə edəcək, Türkiyənin Krımın qanunsuz ilhaqı ilə bağlı mövqeyini bir daha vurğulayacaq, Krım tatarlarının hüquqlarının gücləndirilməsi üçün əlavə addımlar atılmasının vacibliyini diqqətə çatdıracaq.
Qeyd edək ki, hazırda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Ukraynada səfərdədir.

















