1xeber.media xəbər verir ki, iyulun 15-i, çərşənbə günü Rusiyada banklararası bazarda dolların məzənnəsi son bir həftə yarım ərzində ilk dəfə 78 rublu keçib.
Bu barədə "Finam" məlumatlarına istinadən xəbər verilir.
Moskva vaxtı ilə saat 12:47-də ABŞ valyutasının məzənnəsi 78,25 rubl təşkil edib. Bu göstərici əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 0,97 faiz, yəni təxminən 76 qəpik artım deməkdir.
Avro da oxşar dinamika nümayiş etdirib. Həmin vaxta avro 89,36 rubla qədər bahalaşıb ki, bu da 0,97 faiz artım deməkdir. Moskva birjasında yuanın məzənnəsi isə təxminən 11,52 rubl səviyyəsində olub.
İnvestisiya məsləhətçisi İqor Faynmanın proqnozuna görə, yayın sonuna qədər dolların məzənnəsi 80 rubla qədər yüksələ bilər.
Ekspert ABŞ valyutasına tələbatın artdığını bildirib. Onun sözlərinə görə, bu amil Rusiya Maliyyə Nazirliyinin valyuta müdaxilələri ilə birlikdə yaxın perspektivdə rubla təzyiq göstərə bilər.
Faynmanın fikrincə, ilin sonuna qədər Rusiya valyutası zəifləyərək 1 dollar üçün 80-90 rubl səviyyəsinə çata bilər. Ekspert bu fonda vətəndaşlara rublu "etibarlı təhlükəsiz liman" kimi qiymətləndirməməyi tövsiyə edib.

















