İqtisadçı Natiq Cəfərli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkədə fiziki heyvan bazarlarının gələcəkdə onlayn satış birjaları ilə əvəzlənməsi planına etiraz edib.
1xeber.media xəbər verir ki, iqtisadçı sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bu yanaşmanın ölkədə formalaşmış bazar ənənələrinə zidd olduğunu qeyd edib.
Cəfərli bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində ənənələr qorunur və Azərbaycanda da əsrlərdir formalaşmış “mal bazarı” mədəniyyəti mövcuddur. Onun sözlərinə görə, insanlar bazarlara yalnız heyvan satmaq üçün deyil, eyni zamanda gündəlik ehtiyaclarını ödəmək üçün də gedirlər.
İqtisadçı hesab edir ki, fiziki heyvan bazarlarının onlayn satış sistemi ilə əvəzlənməsi bir sıra suallar doğurur.
O, kiçik təsərrüfat sahibi olan və cəmi bir heyvan satmaq istəyən vətəndaşın bu sistemdən necə istifadə edəcəyinin, satışın nə qədər vaxt aparacağının və çatdırılmanın hansı qaydada təşkil olunacağının aydın olmadığını vurğulayıb.
Natiq Cəfərli həmçinin bildirib ki, AQTA-nın son dövrlərdə atdığı addımların prosesləri sadələşdirməkdən daha çox çətinləşdirdiyi və qiymət artımına səbəb ola biləcəyi barədə cəmiyyətdə narahatlıq yarandığını qeyd edib. O, qərarlar qəbul edilərkən fermerlərin fəaliyyəti və ölkənin ənənələrinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, AQTA sədri bildirib ki, baytarlıq-sanitariya normalarına cavab verməyən heyvan bazarlarının fəaliyyəti dayandırılıb, standartlara uyğunlaşdırılan 14 bazarın fəaliyyətinə yenidən icazə verilib. Agentlik gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı başa çatdıqdan sonra fiziki heyvan bazarlarından müasir onlayn heyvan satış birjalarına keçidi nəzərdə tutur.

















