1xeber.media xəbər verir ki, Ukraynanın Polşadakı səfiri Vasıl Bodnar Polşanın Bıtuv şəhərində ukraynalıların ər-arvada hücumunu pisləyib.
Səfir bildirib ki, belə amansız hərəkətlərə sivil cəmiyyətdə heç bir bəraət ola bilməz.
"Heç kimin başqa bir insanın həyatına son qoymağa haqqı yoxdur. Hüquqi dövlətdə hər bir şəxs günahı sübuta yetirildikdən sonra törətdiyi cinayətə görə ədalətli cəzasını almalıdır", – deyə Bodnar vurğulayıb.
Məlumata görə, iyulun 9-da Bıtuv şəhərində üç nəfər Ukrayna vətəndaşı polşalı ər-arvada hücum edib. Ağır xəsarətlər alan kişi sonradan həyatını itirib.
Bundan əvvəl isə Polşada bir nəfər həmyerlisini ukraynalı zənn edərək amansızcasına döymüşdü. Hücum edən şəxs zərərçəkənə baş nahiyəsindən iki zərbə endirmiş, onu təhqir edərək Polşada yerinin olmadığını bildirmişdi.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

















