Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti gündəlik həyata müxtəlif istiqamətlərdə təsir göstərir. Küləyin sürətinin artması ilə yanaşı, tozun havaya qalxması, bəzi ərazilərdə ağacların aşması, tikinti və nəqliyyat sahəsində yaranan çətinliklər, eləcə də dənizdə dalğalanmanın güclənməsi diqqət çəkir. Belə hava şəraiti həm insanların sağlamlığı, həm də müxtəlif təsərrüfat sahələri üçün müəyyən risklər yaradır.
Bu barədə ekoloq Sadiq Həsənov 1xeber.media-ya deyib ki, Bakı coğrafi mövqeyinə görə küləkli şəhərdir:
“Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada əsasən iki hakim külək - xəzri və gilavar müşahidə olunur. Xəzri şimaldan, gilavar isə cənubdan əsən küləkdir. Xəzri küləkləri əsasən Xəzər dənizi hövzəsində formalaşır. Şərqi Sibirdən, Barens dənizi və Arktika istiqamətindən daxil olan soyuq hava kütlələri, eləcə də siklonlar bu küləklərin yaranmasına səbəb olur. Xüsusilə Şərqi Sibirdən gələn soyuq hava axınları və siklonlar xəzri küləyini gücləndirərək sürətli külək şəraiti yarada bilir. Bakı üçün saniyədə 30-35, hətta 40-45 metr sürətlə əsən küləklər qeyri-adi hal hesab olunmur. Belə hava şəraiti il ərzində bir neçə dəfə təkrarlanır. Hazırda müşahidə olunan külək də həmin xarakter daşıyır. Adətən bu cür küləklər bir neçə gün davam edir, sonra isə hava tədricən sakitləşir. Yəni bu, Bakının iqlimi üçün tam normal prosesdir”.
Onun sözlərinə görə, cənubdan gələn isti hava axınları gilavar küləyini formalaşdırır:
“Ümumilikdə Bakının iqliminə nəzər salsaq, şimal küləyi şəhərə soyuq hava kütlələri gətirir, cənub küləyi isə isti hava kütlələrinin daxil olmasına səbəb olur. Şərq və qərb istiqamətli küləklər isə Rusiya, İran və Türkiyə istiqamətlərindən gələn müxtəlif hava axınlarının təsiri ilə hava şəraitini formalaşdırır. Küləyin bu cür əsməsi tamamilə normaldır. Əksinə, külək olmasa, atmosferin aşağı qatlarında çirkləndirici maddələr toplanar və hava keyfiyyəti ciddi şəkildə pisləşər. Xüsusilə Bakı kimi böyük şəhərdə bu, nəfəs almağı çətinləşdirən ağır atmosfer şəraiti yarada bilər. Külək isə hava kütlələrini hərəkətə gətirərək çirklənməni yayır, havanın yenilənməsinə və təmizlənməsinə kömək edir. Buna görə də hazırda müşahidə olunan küləkli hava təbii və normal meteoroloji hadisə hesab edilir”.
Aysel
1xeber.media

















