Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə işgüzar səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zaksen ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə Azərbaycan ilə “John Deere” şirkəti arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Nazir əlavə edib ki, aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, daxili istehsalın, ixrac imkanlarının və əlavə dəyərin artırılmasını, müasir aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Çaba Leyko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edərək, “John Deere” şirkətinin uzun illərdir yerli tərəfdaşlarla uğurlu əməkdaşlıq etdiyini qeyd edib. O bildirib ki, şirkət Azərbaycan bazarında fəaliyyətini daha da genişləndirməkdə və yeni layihələrin icrasında fəal iştirakda maraqlıdır.
Görüş zamanı pambıqçılıq və taxılçılıqda müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının logistikasının inkişafı, aqrar sahə üzrə peşəkar kadr hazırlığının gücləndirilməsi, texnika parkının müasirləşdirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

















