
1xeber.media xəbər verir ki, Almaniyanın Rusiyadakı səfiri Aleksandr Qraf Lambsdorff diplomatik fəaliyyəti dövründə maraqlı bir ənənəni açıqlayıb.
O, Der Spiegel nəşrinə müsahibəsində bildirib ki, Rusiyada çalışan Almaniya səfirləri arasında xüsusi “gizli araq şüşəsi” ənənəsi mövcuddur.
Lambsdorff qeyd edib ki, vəzifəsini tərk edərkən öz yerinə gələcək yeni səfir Klemens fon Getseyə bir kitab – “Kreml əfsanəsi”ni saxlayacağını deyib. Onun sözlərinə görə, hər bir Almaniya səfiri bu kitabı ən azı bir dəfə oxumalıdır, çünki kitabın içərisində araq şüşəsi gizlədilir.
Diplomat bildirib ki, kitabı tapanda içərisində şüşə olmayıb. O ehtimal edib ki, sələflərindən biri həmin arağı içib. Lambsdorff bunu Rusiya rəhbərliyi ilə əlaqələrin bəzən çətin olması ilə əlaqələndirib.
“Bəlkə də bəzən kiçik bir qurtum kömək edir. Hər halda, mən ehtiyat tədbiri gördüm və yeni bir şüşə yerləşdirdim”, – deyə səfir bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya səfirinin əlini sıxmaqdan imtina etməsini onun “rusofob mövqeyi” ilə izah etmişdi.

















