1xeber.media xəbər verir ki, Rusiya hökuməti benzin üçün tətbiq edilən idxal dempferi mexanizmini dizel yanacağına da şamil etməyə hazırlaşır.
Rusiya Energetika Nazirliyinin Telegram kanalında yayımlanan məlumata görə, bu mexanizm yalnız əvvəlki ay ölkədə dizel yanacağı, kerosin və orta distillatların ixracına qadağa tətbiq edildiyi halda işə düşəcək.
Bununla bağlı müvafiq dəyişikliklərin Vergi Məcəlləsinə daxil ediləcəyi bildirilib.
Rusiyanın energetika naziri Sergey Tsivilyov qeyd edib ki, bu qərar zərurət yaranacağı təqdirdə xaricdə istehsal olunan dizel yanacağının daxili bazara operativ şəkildə çatdırılmasına imkan verəcək.
Qeyd edək ki, dempfer mexanizmi Rusiyada 2019-cu ilin yanvarından tətbiq olunur. Onun məqsədi yanacağın ixrac qiymətləri daxili bazardakı qiymətlərdən yüksək olduqda neft şirkətlərinin itkilərini kompensasiya etmək, əks halda isə əldə olunan əlavə gəlirlərin büdcəyə yönəldilməsidir.
İndiyədək bu mexanizm yalnız Rusiyada istehsal olunan neft məhsullarına şamil edilirdi. Lakin yanacaq qıtlığı fonunda Rusiya Prezidenti Vladimir Putin iki həftə əvvəl dempfer sistemini idxal olunan benzinə də tətbiq edib.
Bundan bir neçə gün sonra hökumət daxili bazarı təmin etmək məqsədilə dizel yanacağının ixracına məhdudiyyət qoyub.
Qeyd edək ki, daha əvvəl benzin və dizel yanacağının bahalaşması, eləcə də yanacağın əlçatanlığı ilə bağlı problemlər səbəbindən Çindən Rusiyaya avtomobil daşımalarının qiymətinin bir ay ərzində orta hesabla 15-25 faiz artdığı bildirilmişdi.

















