1xeber.media xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi regionlardakı aqrar idarələrə kənd təsərrüfatı istehsalçılarının tərkibində 0,3–0,9 faiz kükürd olan dizel yanacağının alınmasına marağını öyrənmək üçün sorğu göndərib.
"Kommersant" qəzetinin yazdığına görə, bu göstərici təkcə "Avro-2" və "Avro-3" standartlı dizel yanacağını deyil, həm də buxar qazanlarında və sənaye sobalarında istifadə olunan soba yanacağını əhatə edir.
Məlumata görə, bu addım Rusiyada neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri səbəbindən yaranan yanacaq çatışmazlığı fonunda gündəmə gəlib. Bundan əvvəl Rusiya hökuməti "Avro-3" standartlı benzin və dizel yanacağının dövriyyəsinə icazə vermişdi.
Mütəxəssislər hesab edirlər ki, aşağı keyfiyyətli və daha ucuz yanacaq əsasən köhnə kənd təsərrüfatı texnikası üçün uyğundur. Müasir traktor və kombaynlarda isə belə yanacaqdan istifadə mühərrikin sıradan çıxması və bahalı təmir xərcləri riskini artırır.
"Lazarevskoye" damazlıq təsərrüfatının baş direktoru Kristina Romanovskaya bildirib ki, yanacaqda kükürdün miqdarının artması müasir texnikanın mühərrik resursunu təxminən iki dəfə azalda bilər. Onun sözlərinə görə, bu cür yanacaq əsasən sovet dövründən qalan və ya erkən Rusiya istehsalı olan texnikalar üçün münasibdir.















