151 illik zəngin ənənəyə malik Azərbaycan milli mətbuatı artıq təkcə ölkədaxili
informasiya məkanının deyil, həm də qlobal informasiya mühitində dövlət maraqlarını müdafiə
edən mühüm strateji institutlardan birinə çevrilib. 22 iyul Azərbaycan xalqının ictimai fikir
tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix ilk Azərbaycan dilli qəzet olan
“Əkinçi”nin nəşrə başladığı gün olmaqla yanaşı, həm də milli özünüdərkimizin, maarifçilik
hərəkatımızın, azad fikir ənənələrinin və dövlətçilik ideyalarının mətbuat vasitəsilə cəmiyyətə
çatdırılmasının başlanğıcıdır.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Milli mətbuatımızın inkişaf
mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib
hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini
biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Ulu Öndərin bu fikri milli mətbuatımızın
missiyasını ən dolğun şəkildə ifadə edir.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən
“Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərsə də, Azərbaycan xalqının ictimai şüurunun
formalaşmasında misilsiz rol oynadı. O, xalqı elmə, maarifə, tərəqqiyə çağırdı, cəhalətə qarşı
mübarizə apardı və milli mətbuat məktəbinin əsasını qoydu. Məhz “Əkinçi”nin yaratdığı
ənənələr sonralar “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq
söz” və digər nəşrlərdə davam etdirilərək milli oyanış prosesini sürətləndirdi.
Azərbaycan milli mətbuatı tarix boyu xalqın taleyi ilə birgə yol keçib. Çətin sınaqlardan,
senzuralardan, təzyiqlərdən keçərək milli ideyanın, dövlətçilik düşüncəsinin və istiqlal
arzularının daşıyıcısına çevrilib. Mətbuatımız təkcə xəbərləri çatdırmayıb, həm də cəmiyyətə
istiqamət göstərən, milli-mənəvi dəyərləri qoruyan və gələcək nəsilləri maarifləndirən mühüm
məktəb olub.
Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mediasının inkişafında tamamilə yeni
mərhələ başlandı. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin
olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi
Azərbaycan mediasının inkişaf tarixində dönüş nöqtəsi oldu. Bu qərar ölkəmizdə azad
mətbuatın formalaşmasının əsas hüquqi təminatlarından biri kimi tarixə düşdü.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısının rəhbərliyi ilə medianın hüquqi bazası təkmilləşdirilib, Medianın İnkişafı Agentliyi
yaradılıb, “Media haqqında” Qanun qəbul edilib, jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi
güzəştlərinin tətbiqi kimi mühüm qərarlar qəbul olunub. Bütün bunlar Azərbaycan dövlətinin
medianı cəmiyyətin strateji institutlarından biri kimi qiymətləndirdiyini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət
göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Bu gün Azərbaycan mediası
məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf
mərhələsinə qədəm qoyub.
Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.
Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin
və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə
jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış
informasiyanı cəmiyyətə təqdim etməkdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını
bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük
fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar,
Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə
bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu.
İşğaldan azad edilən torpaqlara mütəmadi media nümayəndələri dəvət edilir. Şuşa təkcə
mədəniyyət paytaxtımız deyil, həm də beynəlxalq media dialoqunun mərkəzlərindən birinə
çevrilib. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media
nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən yüksək
qiymətin göstəricisidir. Forumda sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə, media
etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika və informasiya təhlükəsizliyi kimi aktual
məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal
iştirak etdiyini təsdiqləyir.
Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, yubiley
medalının təsis edilməsi, jurnalist əməyinə verilən yüksək qiymət, həyata keçirilən islahatlar
göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları hər zaman
üstün tutmaq, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətdə sağlam informasiya mühiti
formalaşdırmaq, gənc nəslin media savadlılığını artırmaq, dezinformasiyaya qarşı prinsipial
mövqe nümayiş etdirmək və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə daha güclü
çatdırmaqdır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri,
redaktorları, operatorları, fotojurnalistləri və bu məsuliyyətli peşəyə ömrünü həsr edən hər kəsi
səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar,
obyektivlik, prinsipiallıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin
maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin
möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz
tarixi missiyasını layiqincə davam etdirəcək.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
















