Tarixinin ən qüdrətli Azərbaycanının mühüm geosiyasi uğurlarından biri dünya birliyində
güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda
Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi
baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan ölkədir.
Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı
tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə əlbəttə ki, ölkə lideri İlham Əliyevin
yürütdüyü tam müstəqil siyasətdir.
Azərbaycana rəhbərlik etdiyi 23 ildə Prezident İlham Əliyev elə bir dövlət yaradıb ki,
özünün də söylədiyi kimi, ölkəmiz mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli,
istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı
deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta
ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi
müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.
İyulun 20-21-də baş tutan Almaniya səfərində Prezident İlham Əliyev bu ölkənin
Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş
tərkibdə görüşləri keçirib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası
arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə
imzalanıb.
Qeyd edilməlidir ki, bu gün Avropada yaşanan dərin enerji və digər böhranlar fonunda
Azərbaycanla əməkdaşlığa yönələn cəhdlər artmaqdadır. Belə ki, hazırda Azərbaycan artıq
Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi
Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13
milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə
çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən
alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından
birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi
siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu
daha da gücləndirib.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir
geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal
kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib.
Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi,
cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi
Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin
mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın “Global Gateway”
strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar
sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna
görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal
bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq
məzmunu qazanıb.
Məhz geniş Avropa kontekstində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi
münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye
lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin
dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan
Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında
formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.
Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində
keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci
ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan
strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz
Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir.
Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır.
Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal
tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması
baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında
logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.
Prezidenti İlham Əliyev Berlində keçirilən görüşlərdən sonra birgə mətbuat
konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına
əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını
arzulayırdıq və buna nail olmuşuq”.
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda
öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri
təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa
öz töhfəsini verəcək”.
Vurğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu,
enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də
Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq
əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, – deyə dövlətimizin
başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin
təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir.
“Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də
enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər
hansı problem yoxdur”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Federal Kansler Fridrix Merts Almaniya ilə Azərbaycan arasındakı münasibətlər çox
dinamik şəkildə inkişaf etdiyindən mənmunluğunu bildirib. Onun sözlərinə görə, regionda daha
böyük sabitliyin təmin olunması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da
gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Kansler bildirib ki, Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi
yanaşır. “Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi
vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir”, – deyə Fridrix
Merts deyib.
Bakı ilə Berlin arasında iqtisadi tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı, iqtisadi
diplomatiya da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində
aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi
xarakter alıb. Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək
texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin
bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm
platformadır.
Pəhlivan Qarayev,
Sabirabad rayonu, Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbinin
direktoru















