“Demokratik cəmiyyətlərdə hər kəsin fikir bildirmək və tənqid etmək hüququ var. Ancaq bu hüquq qərəzli məlumatların yayılmasına, faktların təhrif edilməsinə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə xidmət etməməlidir. Xaricdə yaşayan və uzun müddətdir ki, Azərbaycana qarşı sistemli şəkildə ittihamlar səsləndirən, dezinformasiya xarakterli iddialar irəli sürən şəxslərin fəaliyyəti artıq obyektiv tənqid deyil, birmənalı olaraq müəyyən dairələrin maraqlarına xidmət edən siyasi kampaniyanın tərkib hissəsidir. Xüsusilə də Azərbaycanın regionda siyasi, iqtisadi və geosiyasi baxımdan mövqeyini gücləndirdiyi, beynəlxalq nüfuzunun artdığı, mühüm enerji və nəqliyyat layihələrinin əsas iştirakçısına çevrildiyi bir dövrdə ölkəmizə qarşı aparılan informasiya hücumlarının intensivləşməsi heç də təsadüfi deyil”.
Bunu 1xeber.media-ya Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında deyib.
O bildirib ki, belə şəraitdə xaricdən səsləndirilən əsassız ittihamlar Azərbaycanın maraqlarına deyil:
“Məhz ölkəmizin uğurlarından narahat olan qüvvələrin məqsədlərinə xidmət edir. Vətəndaşlıq məsuliyyəti isə təkcə hüquqlardan istifadə etmək deyil, eyni zamanda dövlətin milli maraqlarına hörmətlə yanaşmaq, faktlara söykənən mövqe nümayiş etdirmək və ölkənin imicinə qəsdən zərər vuran kampaniyaların alətinə çevrilməmək deməkdir. Buna görə də xaricdən davamlı şəkildə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərin davranışı onların dövlətçilik maraqlarına münasibəti barədə cəmiyyətdə əsaslı suallar doğurur və belə fəaliyyət ictimaiyyət tərəfindən Vətənə, dövlətçiliyimizə və milli maraqlara xəyanət kimi qiymətləndirilir”.
Aysel
















