Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Kamran Abilov Estoniya hökumətinin ölkənin hava məkanında müşahidə olunan Ukrayna pilotsuz uçuş aparatları ilə bağlı məlumatları ictimaiyyətdən gizlətdiyini iddia edib.
1xeber.media xəbər verir ki, Abilov bu barədə RİA Novosti agentliyinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Estoniya hakimiyyəti Ukrayna dronlarının ölkə hava məkanında görünməsini “qaçılmaz nəticə” kimi təqdim etməyə çalışır.
Abilov bildirib ki, hökumət əhali arasında təşvişin artmasının qarşısını almaq üçün bu mövzu ilə bağlı məlumatların açıqlanmasını məhdudlaşdırır.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte Estoniya ərazisinə pilotsuz uçuş aparatının düşməsi faktını təsdiqləmişdi.
Eyni zamanda, rusiyalı hərbi pilot, general-mayor Vladimir Popov Ukraynanın Sankt-Peterburq və Leninqrad vilayətinə yönələn dron hücumlarının Estoniya ərazisindən həyata keçirilə biləcəyini iddia edib.
Qeyd edək ki, bu xəbərdə yer alan məlumatlar Rusiya rəsmisinin və Rusiya mənbələrinin açıqlamalarına əsaslanır. Estoniya rəsmiləri bu iddiaları təsdiqləməyiblər.
















