Rusiyanın Kirov vilayətində müəssisəyə endirilən zərbə nəticəsində həlak olanların xatirəsinə üç günlük matəm elan edilib.
1xeber.media xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov özünün Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, iyulun 25, 26 və 27-si matəm günləri elan olunub. Bu günlərdə vilayət və bələdiyyələrin bayraqları endiriləcək, televiziya və radio kanallarına əyləncə proqramlarının yayımından çəkinmək tövsiyə olunub.
Bundan başqa, bütün idman, mədəniyyət və əyləncə tədbirləri dayandırılacaq, insanların kütləvi toplaşdığı yerlərdə əlavə təhlükəsizlik tədbirləri görüləcək.
Sokolov bildirib ki, həlak olanların ailələrinə vilayət hökuməti tərəfindən hər birinə 1,5 milyon rubl məbləğində yardım ayrılacaq. Yaralananlara da maddi dəstək göstəriləcəyi, əlavə ödənişlərin isə zərərçəkmiş müəssisə tərəfindən ediləcəyi qeyd olunub.
Qubernator həmçinin Kirov şəhərində zədələnmiş yaşayış binalarının, müəssisələrin və digər obyektlərin bərpası üçün əlavə vəsait ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Rusiya rəsmilərinin məlumatına görə, iyulun 24-də Kirovdakı müəssisəyə endirilən raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 32 nəfər isə yaralanıb. Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
















