-
“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukraynadakı münaqişə və Rusiya ordusunun Starlink terminallarından istifadəsi ilə bağlı açıqlama verib.
1xeber.media xəbər verir ki, Mask bu barədə The Economist nəşrinə müsahibəsində danışıb.
Mask bildirib ki, “SpaceX” heç vaxt Starlink terminallarını Rusiyaya satmayıb. Onun sözlərinə görə, Rusiya hərbçilərinin əldə etdiyi terminallar Ukrayna vasitəsilə sifariş olunub və daha sonra qaçaqmal yolu ilə Ukraynanın şərqinə, Rusiya qoşunlarının yerləşdiyi ərazilərə keçirilib.
Şirkət rəhbəri qeyd edib ki, onun məlumatına görə, Rusiya ordusu bəzi hallarda bu terminallardan Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edib.
Mask bildirib ki, belə halların qarşısını almaq üçün “SpaceX” Ukrayna hökuməti ilə birlikdə “ağ siyahı” yaradıb və Rusiya tərəfinin çıxış əldə etdiyi terminalları bloklayıb.
Bununla yanaşı, milyarder qeyd edib ki, yalnız təhsil və internetə çıxış məqsədilə Starlink-dən istifadə edən Rusiya vətəndaşlarının da sistemdən məhrum qalmasına görə təəssüf edir.
Mask həmçinin vurğulayıb ki, bu məsələdə onun mövqeyi Rusiyanı dəstəklədiyi anlamına gəlmir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynaya verilən silahların hədəfləndirilməsində iştirak etdiyini iddia etmişdi. O, bunu kəşfiyyat məlumatları və Starlink sistemindən istifadə ilə əlaqələndirmişdi.
















