ABŞ Konqresində ermənilərə lobbiçilik edən konqresmenlər vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Bugünlərdə isə Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli, qeyri-obyektiv sənəd bu “prosesin” davamıdır.
1xeber.media xəbər verir ki, bu sözləri deputatı Samir Vəliyev deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ-dakı erməni havadarlarına hələ də rahatlıq vermir:
"Əks halda, ABŞ kimi özünü demokratiyanın və insan haqlarının beşiyi hesab edən ölkənin qanunvericiləri bu cür beynəlxalq hüquqazidd addımlar atmazdılar. Əslində, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də, xüsusilə Bayden administrasiyası dövründə ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar, müxtəlif dinləmələr və s. tədbirlər təşkil ediblər".
Millət vəkilinin sözlərinə görə, iyulun 22-də qəbul olunmuş layihənin müəllifi olan konqresmen Bred Şermanın erməni lobbi qrupları ilə bağlılığı məlumdur:
"O, keçmiş konqresmen, ermənipərəst mövqeyi ilə tanınan korrupsioner Robert Menendesin siyasi xəttinin davamçısıdır. Belə davam edərsə, yəqin ki, Şermanı da Menendesin taleyi gözləyir. “Ermənipərəst konqresmenlərin belə addımları ABŞ-ın dövlət maraqlarına cavab vermir. Hazırda rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülhün təmin olunmasına maraqlı olduğunu nəzərə alsaq, konqresmenlərin ölkəmizə qərəzli yanaşması Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki təşəbbüslərinə ciddi zərbə vurur. Məlumdur ki, məhz ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan sülh yolunda irəliyə doğru vacib addımlar atıblar. Həmin vaxtdan sonra faktiki olaraq regionda sülh mövcuddur və tərəflər qarşılıqlı etimad tədbirləri həyata keçirirlər. Belə olan halda, Konqresdə belə bir layihənin qəbul olunması yolverilməzdir”,-deyən Samir Vəliyev əlavə edib ki, “sənəddə” adı çəkilən ermənilər hərbi əsir və ya siyasi məhbus deyil, müharibə cinayətləri törətmiş, separatizmlə məşğul olmuş canilərdir.
Məsələ ilə bağlı Milli Məclisin açıqlamasında vurğulandığı kimi, həmin “düzəlişdə” Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir. Konqresmenlərin belə mövqeyi isə yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir.
Sözügedən layihənin qüvvəyə minməsi üçün ABŞ Nümayəndələr Palatası və Senat tərəfindən də təsdiqlənməlidir. Ümid edirik ki, belə hal baş verməyəcək. Hazırda Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas streteji tərəfdaşıdır. Bu il ərzində baş tutmuş qarşılıqlı yüksək səviyyəli səfərlər, imzalanan sənədlər bunun göstəricisidir. Konqresmenlər erməni diasporunun maliyyəsinin əsiri olmamalı, fəaliyyətlərində beynəlxalq hüquq normalarını rəhbər tutmalıdırlar”.
















