1xeber.media xəbər verir ki, Rusiyanın “Qafqaz.RF” İnkişaf İnstitutu Elbrus dağında baş verən alpinist faciəsindən sonra turist axınının daha sərt qaydalarla tənzimlənməsinin zəruri olduğunu açıqlayıb.
Qurumun Telegram kanalında yayılan məlumata görə, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə təhlükəsiz dağa qalxma mövzusunda mütəmadi maarifləndirmə kampaniyaları aparılsa da, bunun kifayət etmədiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, hazırda Elbrusun zirvəsinə qalxan turistlərin hərəkətinin daha ciddi qaydalarla tənzimlənməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.
“Qafqaz.RF” vurğulayıb ki, baş verən bədbəxt hadisələrin əsas səbəbləri təhlükənin düzgün qiymətləndirilməməsi, şəxsi imkanların həddindən artıq dəyərləndirilməsi, əlverişsiz hava şəraiti və peşəkar bələdçinin müşayiətindən imtina olunmasıdır.
Qurum faciədə həyatını itirən alpinistlərin ailələrinə başsağlığı verib.
Xatırladaq ki, iyulun 25-də yeddi nəfərlik turist qrupu Elbrus dağında təxminən 5,1 min metr yüksəklikdə köməksiz vəziyyətdə qalmışdı. Zirvədən eniş zamanı onlardan beş nəfər həyatını itirmişdi.
















