1xeber.media xəbər verir ki, Türkiyənin Bodrum şəhərində yerləşən beşulduzlu lüks oteldə bir həftəlik istirahət edən rus ailəsi 2,9 milyon rubl xərcləyib.
OneTwoTrip xidmətinin məlumatına görə, iyul ayında ən bahalı otel sifarişləri arasında birinci yeri bu tur tutub. İki böyük və bir uşaq üçün nəzərdə tutulan səfərə oteldə beşulduzlu yerləşmə və “hər şey daxil” qidalanma sistemi daxil olub.
Ən bahalı sifarişlər siyahısında ikinci yeri Milan tutub. İki Rusiya vətəndaşı dörd gecəlik dördulduzlu oteldə qalmaq üçün 1 milyon rubl ödəyib.
Üçüncü yerdə isə Paris qərarlaşıb. Burada iki böyük qonaq beşulduzlu oteldə dörd gecə qalmaq üçün, qidalanma daxil olmadan, təxminən 1 milyon rubl xərcləyib.
Xatırladaq ki, bundan əvvəl bir rus cütlüyünün may bayramları zamanı Romaya səfəri üçün 3,4 milyon rubldan çox pul ödədiyi bildirilmişdi. Məlumata görə, bu məbləğ İtaliyanın paytaxtında beşulduzlu oteldə doqquz gecəlik qalma və səhər yeməklərinə sərf olunub.
















