1xeber.media xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardım paketinin xərclənməsini 2029-cu maliyyə ilinə qədər uzatmağı planlaşdırır.
Reuters agentliyinin Pentaqonun Konqres üzvlərinə göndərdiyi məktuba istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası ayrılmış vəsaitlərin xərclənməsini onilliyin sonuna qədər başa çatdırmayacaq.
Məlumata əsasən, məktub göndərildikdən iki ay sonra belə vəsaitlər hələ ayrılmayıb və bununla bağlı müqavilələr də rəsmiləşdirilməyib.
Plan üzrə 200 milyon dollar silah və döyüş sursatlarının alınmasına, 99,9 milyon dollar müxtəlif texnika və ehtiyat hissələrinə, daha 100 milyon dollar isə müdafiə məhsullarının Ukraynaya daşınması xidmətlərinə yönəldiləcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətinin yenidən müsbət istiqamətdə dəyişdiyi bildirilmişdi. Mənbələr bu dəyişiklikləri qlobal sammitlər çərçivəsində keçirilən görüşlərlə əlaqələndirmişdi.
















