Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün tutucu raketlərin istehsalını müzakirə etdiyini bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə məlumat Ukrayna dövlət başçısının rəsmi teleqram kanalında paylaşılıb.
“Prezident Tramp ilə “Patriot” sistemləri üçün raket-tutucuların istehsalı lisenziyalarını və kömək edə biləcək bəzi digər ideyaları müzakirə etdik”, – deyə Zelenski qeyd edib.
O, həmçinin tərəflərin diplomatik prosesin aktivləşdirilməsini nəzərdən keçirdiklərini bildirib. Ukrayna lideri gələcək qarşılıqlı fəaliyyətin detallarının razılaşdırılacağını vurğulayıb və Trampla keçirilən görüşü “yaxşı” adlandırıb.
Xatırladaq ki, bir qədər əvvəl Zelenski və Tramp arasında danışıqların başa çatdığı barədə xəbər verilmişdi. Ukrayna mediasının məlumatına görə, görüş təxminən bir saat davam edib.















