Rusiyanın xəritə və naviqasiya xidməti 2GIS peyk siqnalı zəiflədikdə və ya tam itdikdə belə marşrutu izləməyə imkan verən yeni sensor (inersial) naviqasiya funksiyasını istifadəyə verib.
1xeber.media xəbər verir ki, şirkətin məlumatına görə, yeni funksiya artıq iOS və Android əməliyyat sistemlərində çalışan bütün 2GIS istifadəçiləri üçün əlçatandır.
Bildirilib ki, normal şəraitdə tətbiq istifadəçinin yerini GPS, QLONASS, BeiDou və digər peyk sistemləri vasitəsilə müəyyənləşdirir. Siqnal zəiflədikdə, məsələn, avtomobil tunelə daxil olduqda, tətbiq əvvəlcə yaxınlıqdakı Wi-Fi və Bluetooth (BLE) nöqtələrinin məlumatlarından istifadə edir.
Bu məlumatlar kifayət etmədikdə isə 2GIS smartfonun daxili sensorlarına keçir. Akselerometr avtomobilin sürətlənməsini və hərəkət sürətini müəyyən edir, giroskop isə istiqaməti və döngələri izləyir. Bunun üçün telefonun avtomobildə sabit şəkildə bərkidilməsi tövsiyə olunur.
Şirkət bildirir ki, tətbiq son məlum geolokasiya, xəritə məlumatları və sensorlardan əldə edilən göstəriciləri birləşdirərək peyk siqnalı bərpa olunana qədər istifadəçini marşrut üzrə dəqiq istiqamətləndirməyə davam edir.
Yeni funksiyanı naviqatorun ayarlar bölməsində yerləşən "GPS siqnalı etibarsız olduqda sensorlardan istifadə et" seçimi vasitəsilə aktivləşdirmək və ya söndürmək mümkündür.
2GIS-in "Nəqliyyat" məhsulu üzrə meneceri Dmitri Şvarts bildirib ki, uzun tunellər, sıx şəhər tikililəri və dağ yolları kimi ərazilərdə peyk siqnalları tez-tez zəifləyir. Onun sözlərinə görə, yeni texnologiya məhz belə hallarda naviqasiyanın dəqiqliyini əhəmiyyətli dərəcədə artırır və sürücülərə mürəkkəb yol qovşaqlarında düzgün istiqaməti saxlamağa kömək edir.















