Rusiyalı teleaparıcı və jurnalist Kseniya Sobçak Telegram platformasının yaradıcısı Pavel Durova qarşı Rusiyada irəli sürülən cinayət ittihamları ilə bağlı ironik paylaşım edib.
1xeber.media xəbər verir ki, Sobçak bu barədə özünün Telegram kanalında yazıb.
O, Durovun terror fəaliyyətinə yardım göstərmək ittihamı ilə üzləşməsi barədə paylaşımı yenidən dərc edərək belə yazıb:
“Haradasa İrina Bolqar sakitcə sevinir.”
Bununla Sobçak özünü Durovun uşaqlarının anası kimi təqdim edən və əvvəllər onu açıq şəkildə tənqid edən Sankt-Peterburq sakini İrina Bolqara eyham vurub.
Bundan əvvəl Rusiya KİV-lərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) Pavel Durovu beynəlxalq axtarışa verdiyi barədə məlumat yayılmışdı. Daha sonra qurum bu xəbərə aydınlıq gətirərək, belə bir qərarın hələ qəbul edilmədiyini bildirib.
Eyni zamanda, Durova qarşı terror fəaliyyətinə yardım göstərilməsi ilə bağlı ittiham irəli sürüldüyü açıqlanıb.
Qeyd edək ki, istintaq prosesi davam edir və Pavel Durov bu ittihamlarla bağlı mövqeyini ictimaiyyətə açıqlamayıb.















