İyulun 31-də Türkiyənin Karaman şəhərində keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclası keçirilib. Tədbbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və qurumun baş məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
1xeber.media xəbər verir ki, tədbiri TDBB-nin və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay açaraq iştirakçıları salamlayıb. Karaman Bələdiyyəsinin sədri Savaş Kalaycı qonaqlara iclasın işində uğurlar arzulayıb. Daha sonra çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren qurumun dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanda xüsusilə regional inkişaf, təhsil, səhiyyə və mədəni irsin qorunması sahələrində davamlı layihələr həyata keçirdiyini bildirib. O, bu layihələrin xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
TDBB idarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri TİKA ilə TDBB arasında Bolqarıstanda yerləşən Filibe Mevlevixanasının təmiri ilə bağlı əməkdaşlıq protokolunun imzalanması olub.
Daha sonra çıxış edən TDBB-nin baş katibi Taha Zahid Özdemir təşkilatın fəaliyyət coğrafiyasının daha da genişlənəcəyini və yeni layihələrin həyata keçiriləcəyini qeyd edib. Baş katib, həmçinin İraq, Livya və Mərakeşdən təşkilata qoşulmaq istəyən bələdiyyələrin siyahısını iclas iştirakçılarına təqdim edib.
İclasda müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Kosova və İraqdan olan bələdiyyə sədrləri iştirak ediblər. İraq Respublikasının Kərkük şəhərinin icra hakimi və Türkmən Cəbhəsinin sədri Mehmet Seman Ağaoğlu da tədbirə qatılıb.
TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Uğur İbrahim Altayın “Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər” (UCLG) təşkilatının sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb və bunu TDBB üçün mühüm nailiyyət kimi qiymətləndirib. O, təşkilata yeni qoşulan üzv bələdiyyələri də təbrik edərək, bələdiyyələr arasında yalnız yerli deyil, beynəlxalq əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını vurğulayıb. Təmraz Tağıyev yeni üzvlərin digər üzv bələdiyyələrlə fəal əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
İclas çərçivəsində son 3 aylıq dövr ərzində TDBB tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr, sosial və humanitar təşəbbüslər barədə məlumat təqdim olunub, həmçinin gələcək fəaliyyət planları müzakirə edilib.
TDBB İdarə Heyətinin üzvləri Karaman Bələdiyyəsinin şəhərdə həyata keçirdiyi layihələrlə də yerində tanış olublar.



















