1xeber.media xəbər verir ki, Çikaqo Universitetinin professoru Con Mirşaymer Rusiyanın Ukraynaya endirdiyi hava zərbələrinin müharibənin gedişinə ciddi təsir göstərdiyini iddia edib.
O, YouTube kanalında yayımlanan çıxışı zamanı bildirib ki, Rusiya Silahlı Qüvvələrinin zərbələri Ukraynanın müxtəlif infrastruktur obyektlərini, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli müəssisələri və hərbi təyinatlı obyektləri hədəf alır.
Mirşaymerin sözlərinə görə, bu hücumlar nəticəsində Ukraynanın şərq bölgələrində bir sıra yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırıb ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirib. O, həmçinin dəmir yolu infrastrukturu və lokomotivlərin də zərbələrin hədəfinə çevrildiyini bildirib.
Professor bu amillərin Ukraynanın vəziyyətini daha da ağırlaşdırdığını və müharibənin gedişinə təsir etdiyini irəli sürüb.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Kiyevdə fəaliyyət göstərən və ABŞ-ın Terminal Autonomy şirkətinə məxsus pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə zərbə endirdiyi barədə məlumat yayılmışdı. Bildirilir ki, həmin müəssisədə uzaqmənzilli zərbələr üçün nəzərdə tutulan, yüksək dəqiqlikli və radioelektron maneələrə qarşı davamlı idarəetmə sistemləri ilə təchiz edilmiş dronlar istehsal olunurdu.
Qeyd edək ki, müharibə şəraitində tərəflərin verdiyi hərbi məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək hər zaman mümkün olmur.
















