1xeber.media xəbər verir ki, Braziliyada futbol matçı zamanı qeyri-adi hadisə baş verib: futbolçulardan biri tutuquşunun hücumuna məruz qalıb.
Braziliya Futbol Konfederasiyasının YouTube kanalında yayılan məlumata görə, hadisə gənclər arasında keçirilən "Flamenqo" və "Seara" komandalarının oyunu zamanı baş verib.
Matçın 17-ci dəqiqəsində stadionun üzərində peyda olan tutuquşu meydançaya doğru uçaraq "Flamenqo"nun futbolçularından birinə yaxınlaşıb. Futbolçu quşdan yayınmağa çalışsa da, tutuquşu onun kürəyinə toxunub və oyunçu yerə yıxılıb.
Bundan sonra hakim oyunu dayandırıb.
Qeyd edək ki, idman yarışlarında heyvanların meydançaya daxil olması ilə bağlı maraqlı hadisələr əvvəllər də qeydə alınıb. May ayında Rusiyanın Bryansk vilayəti çempionatında keçirilən futbol matçını meydana çıxan inək yarımçıq dayandırmışdı.
Həmin qarşılaşmada İvot qəsəbəsinin "Orbita" komandası ilə Selskdəki BXZ komandası üz-üzə gəlib. İkinci hissənin əvvəlində meydana daxil olan inək kənar xətt boyunca qaçıb. Matç isə BXZ komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
















