ABŞ Dövlət Departamenti Konqresi müxtəlif ölkələrdə yerləşən beş diplomatik nümayəndəliyin bağlanması planı barədə məlumatlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bağlanması nəzərdə tutulan diplomatik nümayəndəliklər Qrenadanın Sent-Corces şəhərində, Yaponiyanın Naqoya şəhərində, İndoneziyanın Medan şəhərində, Kamerunun Duala şəhərində və Kanadanın Vinnipeq şəhərində yerləşir.
Reuters qeyd edir ki, bu, ABŞ-ın hər hansı beynəlxalq böhranla əlaqələndirilmədən eyni vaxtda bir neçə xarici diplomatik obyektini bağlaması baxımından nadir hadisə hesab olunur.
ABŞ Dövlət Departamenti planları birbaşa təsdiqləməsə də, qurumun Amerika diplomatik iştirakını daha səmərəli və effektiv etmək istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyasının xaricdə yerləşən təxminən 30 ABŞ səfirliyi və konsulluğunu bağlamağı nəzərdən keçirdiyi bildirilmişdi. Həmin diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrika ölkələrində yerləşir.
















