Avropada İranın təsir şəbəkələri ilə bağlı narahatlıqlar getdikcə artır. Böyük Britaniyada casusluq ittihamı ilə həbs edilən Rəşad Sultanov işi, BBC-nin İranın Avropadakı proksi şəbəkələri ilə bağlı araşdırması və İsveçin Foxtrot Network cinayət təşkilatı haqqında ortaya çıxan məlumatlar təhlükəsizlik risklərinin yeni mərhələyə keçdiyini göstərir. İran uzun illərdir diaspor, dini və kriminal şəbəkələrdən istifadə etməklə müxtəlif ölkələrdə təsir imkanlarını genişləndirməyə çalışır.
Millət vəkili Fazil Mustafa bu barədə 1xeber.media-ya danışarkən bildirib ki, bu ideoloji dövlət xarici ölkələrdən tutmuş hər yerdə öz kadrlarına, yaxud da ələ keçirdiyi insanlara insan kateqoriyasından yanaşmır:
“Bu ideologiyada insana baxış yoxdur. Yəni onların hamısı sadəcə bir alətdir. Görürük ki, bu alətlər çox sayda Azərbaycanda, Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də Dərbənddə yaşayan azərbaycanlılar arasında yayılıb. İndi İngiltərədə də hansısa işlə məşğul olan və ya təhsil alan bəzi insanları maddi yardımla, dəstəklə, yaxud da onların müəyyən duyğularını istismar etməklə özlərinə tabe etdirirlər. İllərdir bu şəbəkənin Azərbaycandakı fəaliyyətinə qarşı mübarizə aparan insanlar olaraq əslində bu istiqamətdə daha ciddi işlərin görülmədiyini hiss edir, duyuruq”.
Deputat deyib ki, də bu, ölkəmizin təhlükəsizliyi məsələsidir:
“Bu istiqamətdə Avropada artıq formalaşmağa başlayan həssaslıq Azərbaycanda da kifayət qədər genişlənməlidir. Məsələn, kimlərsə müxtəlif adlar altında əslində bu ideologiyanın təsiri altında qalan şəxslərin hər bir çıxışına, irəli sürdükləri tezislərə diqqətlə yanaşmaq lazımdır ki, bunun mənbəyi haradan gəlir və onlar ölkəmizdə hansı niyyətləri həyata keçirməyi düşünürlər”.
Aysel















