Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən mesajlar regionda geosiyasi proseslər fonunda xüsusi diqqət çəkir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu 1xeber.media-ya deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri və orada imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji baxımdan daha da dərinləşməsinə xidmət edəcəkdir:
“Bu sənədlər iqtisadi əməkdaşlıq, siyasi həmrəylik və mövcud iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyacaqdır. Əslində, Qırğızıstan həm mənəvi-etnik, həm də dini baxımdan Azərbaycana yaxın ölkədir. Biz bilirik ki, Qırğızıstan–Azərbaycan münasibətləri həm çoxtərəfli, həm də ikitərəfli kontekstdə dərin strateji məzmun kəsb edir. Hələ 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatı yaranarkən onun təsisçi dövlətlərindən biri də Qırğızıstan idi. Bu gün isə Böyük İpək Yolunun Orta Dəhlizi kontekstində Qırğızıstanın strateji əhəmiyyəti daha da artır. Azərbaycan isə bu artan əhəmiyyətin reallaşdırılması üçün yeni imkanlar yaradır. 44 günlük müharibədən sonra yaranmış yeni reallıq, qlobal bağlantılar və formalaşan dəhlizlər bütün potensialı ilə işə düşmə mərhələsinə qədəm qoyur. Bu da, əlbəttə ki, Çindən gələn dəmir yolunun Qırğızıstan üzərindən keçərək Azərbaycan vasitəsilə Avropaya çıxmasını təmin edəcəkdir”.
O qeyd edib ki, bu ümumi kontekstdə sözügedən əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir:
“Çünki Azərbaycan illər öncə həyata keçirdiyi müxtəlif layihələr vasitəsilə öz strateji mövqeyini daha da gücləndirmişdi. Hər nə qədər ölkəmiz əlverişli və əhəmiyyətli coğrafiyada yerləşsə də, açıq dənizə çıxışın olmaması müəyyən məhdudiyyətlər yaradırdı. Buna görə də Azərbaycan Prezidenti qeyd etmişdi ki, bu məhdudiyyətləri aradan qaldırmaq, Azərbaycanın coğrafi mövqeyini daha da strateji etmək məqsədilə həyata keçirilən layihələrlə dənizə çıxışın olmaması kompensasiya edilib. Hazırda isə Qırğızıstan–Azərbaycan münasibətləri kontekstində bu dəhlizin çox böyük potensialı mövcuddur. Ona görə də mən düşünürəm ki, Qırğızıstanın Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Ağdamda məktəb tikməsi təkcə iqtisadi əməkdaşlığın deyil, eyni zamanda mənəvi-humanitar sahədə əməkdaşlığımızın da simvollarından biridir”.
Aysel

















