Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov 1xeber.media-ya açıqlamasında deyib ki, mövcud yaş yoxlama sistemləri rəqəmsal mühitdə azyaşlıların qorunması baxımından artıq öz dövrünü başa vurub və effektivliyini büyük ölçüdə itirib:
“Ənənəvi bəyanata əsaslanan metodlar, yəni istifadəçinin sadəcə doğum tarixini daxil etməsi və ya istifadə şərtlərini formal olaraq qəbul etməsi uşaqlar və yeniyetmələr tərəfindən saniyələr ərzində yan keçilir. Uşaqların valideynlərinin e-poçt ünvanları, saxta identifikasiya məlumatları və ya böyüklərə məxsus profillər vasitəsilə qeydiyyatdan keçməsi mövcud tənzimləmə mexanizmlərinin ən zəif bəndidir. Bu səbəbdən qanunvericiliyin tələblərini kağız üzərindəki öhdəlikdən real müdafiə mexanizminə çevirmək üçün daha müasir, çoxpilləli və süni intellekt dəstəkli texnoloji həllərin tətbiqi qaçılmazdır. Bu istiqamətdə tətbiq edilə biləcək ən perspektivli həllərdən biri süni intellekt dəstəkli biometrik üz analizi texnologiyalarıdır”.
O qeyd edib ki, bu zaman istifadəçi kameraya baxaraq qısa video-doğrulama edir və alqoritmlər şəxsin yaş aralığını yüksək dəqiqliklə müəyyənləşdirir:
“İstifadəçi saxta məlumat daxil etsə belə, süni intellekt agentləri onun rəqəmsal izlərini, yəni izlədiyi kontentləri, yazı üslubunu, aktivlik saatlarını və istifadə etdiyi slenqləri analiz edərək hesab sahibinin uşaq olduğunu avtomatik aşkarlaya bilir. Etibarlı həll yollarından biri isə maliyyə və rəqəmsal platformalarda geniş istifadə olunan KYC (Müştərini tanı) prinsipinin sosial şəbəkələrə adaptasiyasıdır. 16 yaşdan kiçik şəxslərin rəqəmsal platformalarda hesab açması və ya mövcud hesablarını saxlaması üçün valideyn təsdiqi mexanizmi tətbiq edilə bilər. Eyni zamanda, Apple və Google tərəfindən təqdim olunan "Family Link" kimi mərkəzləşdirilmiş alətlər vasitəsilə nəzarətin bilavasitə cihazın əməliyyat sistemi səviyyəsində qurulması kompleks müdafiəni təmin edəcəkdir”.
Aysel

















