Yardımlı və Lerik rayonlarında dövlət əmlakının qanunsuz istismarı və ekoloji cinayət iddialarını özündə əks etdirən şok faktlar yayılıb
1xeber.media-ya göndərilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yardımlı rayon 51 saylı Yol İstismar İdarəsinin müdiri Ceyhun Verdiyev rəsmi dövlət qurumlarından gizli şəkildə böyük bir qanunsuz şəbəkə qurub. İdarə rəhbərinin rəsmi dövlət layihələri üçün nəzərdə tutulan ağır texnikaları qonşu Lerik rayonuna səfərbər etdiyi bildirilir. İfşa olunan məlumatlarda ən diqqətçəkən məqam isə odur ki, qanunsuz fəaliyyəti gizlətmək məqsədilə həmin xüsusi texnikaların dövlət nömrə nişanları tamamilə sökülüb.
Kəndlilərin pulu ilə gizli biznes və asfalt alveri
İddia edilir ki, nömrələri çıxarılan bu dövlət maşınları Lerik rayonunda rəsmi müqavilə olmadan qeyri-qanuni şəkildə arendaya (kirayəyə) verilib. Ağır texnikalar Lerik kəndlərində sakinlərin öz şəxsi imkanları daxilində qurduqları fondlardan yığdıqları pullar hesabına gizli asfalt çəkilişi işlərinə cəlb olunub. Beləliklə, dövlətin yanacağı və texnikası vasitəsilə vətəndaşların cibindən yığılan vəsaitlərin birbaşa şəxsi qazanc mənbəyinə çevrildiyi iddia olunur.
Yardımlı çaylarında ekoloji terror
Ceyhun Verdiyevin rəhbərlik etdiyi qanunsuzluqlar bununla da yekunlaşmır. Ərazidən gələn məlumatlara görə, 51 saylı Yol İstismar İdarəsinin rəsmi və qeyri-rəsmi imkanlarından istifadə edilərək Yardımlı rayonundakı çay yataqları amansızcasına talanır. Çaylardan dövlət icazəsi olmadan qeyri-qanuni şəkildə tonlarla təbii daşların çıxarıldığı və digər ərazilərə daşınmasının şəxsən idarə müdiri tərəfindən təşkil edildiyi vurğulanır. Bu proses isə bölgənin ekoloji sisteminə və təbiətinə ciddi şəkildə bərpaolunmaz ziyan vurur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi mövqeyini, həmçinin iddialara qarşı adıçəkilən idarə rəisinin cavabını işıqlandırmağa hazırıq.

















