Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin Qənimət Zahidovla bağlı Fransa məhkəməsinin qərarına münasibəti sosial şəbəkələrdə və ictimai müzakirələrdə yeni debatlara səbəb olub. Onun açıqlamasında xarici ölkə məhkəməsinin qərarı fonunda böhtan, təhqir və hüquqi məsuliyyət məsələlərinə toxunulması diqqət çəkir. Ümumilikdə son illər özünü müxalifət kimi təqdim edən bəzi şəxslərin sosial şəbəkələrdə söyüş, təhqir, qarayaxma və həqiqətə uyğun olmayan məlumatların yayılmasını siyasi mübarizə üsuluna çevirməsi cəmiyyətdə ciddi müzakirə mövzusudur. Bu isə söz azadlığının sərhədləri, etik davranış normaları və hüquqi məsuliyyət məsələlərini yenidən gündəmə gətirir.
Bununla bağlı 1xeber.media-ya açıqlamasında siyasi şərhçi, jurnalist Asif Nərimanlı deyib ki, bu məsələ əslində Avropada məskunlaşmış söyüş müxalifətinin hüquqi məsuliyyətə cəlb edilməsi baxımından presedent rolunu oynaya bilər:
“Çünki bu şəxslər uzun illərdir siyasi mühacir statusu altında Avropada yaşayaraq müxtəlif qanunsuz əməllər törədiblər və buna görə məsuliyyətə cəlb olunmayıblar. Onlar qanun pozuntularına yol verdikdə məsələni siyasiləşdirməyə çalışaraq hüquqi məsuliyyətdən yayınmağa cəhd ediblər. Eyni zamanda, bu yanaşmadan Avropada məskunlaşmaq və orada yaşamaq hüququ əldə etmək üçün də istifadə ediblər. Artıq söyüş müxalifətinin toxunulmazlığı ilə bağlı formalaşdırmağa çalışdığı təsəvvür aradan qalxa bilər. İndiyədək onlar bu cür məsələləri siyasiləşdirərək özlərinə toxunulmazlıq qazandırmağa çalışırdılar. Bu hadisə onu da göstərir ki, həmin şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi mümkündür. Bu baxımdan Çingiz Qənizadə ilə Qənimət Zahid işi müəyyən hüquqi mexanizmi ortaya qoyur. Görünür ki, bu şəxslərin əsas hədəfi Azərbaycan dövləti olduğundan, əgər Azərbaycan dövləti onları birbaşa məhkəməyə versə, onlar prosesi siyasiləşdirməyə çalışacaq və bu da hüquqi qərarın qəbulunu çətinləşdirə bilər. Lakin fərdi şəxslərin Avropa məhkəmələrinə müraciəti həmin ölkələrin hüquq sistemində daha effektiv nəticə verir”.
O qeyd edib ki, bu şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsinin əsas yollarından biri onların təhqirinə və hücumlarına məruz qalmış şəxslərin yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına və məhkəmələrinə müraciət etməsidir:
“Görünən odur ki, belə hallarda məhkəmələr məsələnin siyasiləşdirilməsi cəhdlərini qəbul etmir və hüquqi müstəvidə qiymətləndirmə apararaq müvafiq qərarlar qəbul edirlər. Qənimət Zahidlə bağlı Fransa məhkəməsinin verdiyi qərar digər Avropa ölkələri üçün də presedent rolunu oynaya bilər. Bu qərar qanun pozuntusuna yol vermiş söyüş müxalifəti nümayəndələrinin hüquqi məsuliyyətə cəlb edilməsi baxımından nümunə kimi qiymətləndirilə bilər. Bu istiqamətdə ən effektiv yol birbaşa zərərçəkmiş şəxslərin hüquqi prosedurlara başlaması, məhkəmələrə müraciət etməsi və hüquqlarını qanuni vasitələrlə müdafiə etməsidir. Belə olduqda real nəticə əldə etmək mümkün görünür”.
Aysel

















