Qax rayonunun İlisu kəndindəki Ramramay şəlaləsinə aparan yola qanunsuz şlaqbaum qoyulması və vətəndaşlardan pul yığılması ilə bağlı yayılmış xəbərlərdən sonra, bənzər bir hadisə də Lerik rayonunda qeydə alınıb.
1xeber.media-ya müraciət edən bir qrup vətəndaş Lerik rayonunun füsunkar təbiət guşələrindən olan məşhur Bibiyoni (Bibi Honi) şəlaləsi istiqamətində qanunsuz pul tələbi və özbaşınalıqla üzləşdiklərini bildiriblər.
"20 nəfərlik qrupumuzu əraziyə buraxmadılar"
Şikayətçilərin sözlərinə görə, şəlaləni ziyarət etmək istəyən daxili turistlərin qarşısı heç bir hüquqi əsas olmadan kəsilir və əraziyə daxil olmaq üçün onlardan nağd pul tələb edilir. Növbəti belə xoşagəlməz hal isə 20 nəfərlik turist qrupunun səfəri zamanı yaşanıb:
"Biz 20 nəfər yoldaşla birlikdə təbiət qoynunda dincəlmək və şəlaləni görmək üçün ora getmişdik. Lakin yolu kəsərək bizi əraziyə buraxmadılar. Keçid müqabilində bizdən müəyyən miqdarda pul ödəməyimizi tələb etdilər. Biz bu tələbin hansı qanuna və ya rəsmi qərara əsaslandığını soruşduqda isə qarşı tərəfin kəskin aqressiyası və təhqirləri ilə üz-üzə qaldıq", – deyə müraciət müəllifi qeyd edib.
Qazi adından sui-istifadə və turistlərə qarşı qeyri-etik davranış iddiası
Vətəndaşlar iddia edirlər ki, yolu kəsən və özünü Vətən müharibəsi qazisi kimi təqdim edən şəxs onlara qarşı təhqiramiz ifadələr işlədib. O, "Mən qaziyəm, mənə hər şey olar" deyərək sərnişinlərin üstünə qışqırıb və ərazini tərk etmələrini tələb edib.Hadisənin gedişatında həmin şəxsin hamının qarşısında köynəyini çıxararaq bədənindəki döyüş yaralarını göstərdiyi və qazi statusundan sui-istifadə etməklə qanunsuz pul yığılmasına bəraət qazandırmağa çalışdığı bildirilir.A
idiyyəti dövlət qurumlarına çağırış
Müraciət edən vətəndaşlar vurğulayırlar ki, dövlətimizin qazilərə göstərdiyi diqqət və qayğı hər bir vətəndaş üçün qürur mənbəyidir. Lakin bu müqəddəs addan şəxsi maraqlar üçün sui-istifadə edilməsi, təbiət abidələrinin qanunsuz qazanc mənbəyinə çevrilməsi və insanların təhqir olunması yolverilməzdir.Şikayətçilər Daxili İşlər Nazirliyi (DİN), Dövlət Turizm Agentliyi və Lerik Rayon İcra Hakimiyyəti başda olmaqla, aidiyyəti hüquq-mühafizə orqanlarından Lerikin Bibiyoni şəlaləsi yolunda baş verən bu qanunsuzluğun dərhal araşdırılmasını və daxili turizmə zərbə vuran belə halların qarşısının alınmasını xahiş edirlər.

















