Mənzil almaq uzun illərin əziyyəti ilə toplanan vəsaitin yatırıldığı ən mühüm qərarlardan biridir. Lakin bu prosesdə tələskənlik, hüquqi sənədlərin lazımi qaydada yoxlanılmaması və bazarın kifayət qədər araşdırılmaması alıcıların həm maddi itkilərlə, həm də uzunmüddətli hüquqi mübahisələrlə üzləşməsinə səbəb ola bilər. Bəs mənzil alarkən hansı məqamlara xüsusi diqqət yetirilməli, risklərdən qorunmaq üçün hansı addımlar atılmalıdır?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə 1xeber.media-ya açıqlamasında bildirib ki, mənzil alqı-satqısı hüquqi baxımdan kifayət qədər aydın və sadə prosedurdur:
“Mövcud qanunvericiliyə, xüsusilə də Mülki Məcəllənin tələblərinə uyğun şəkildə aparılan alqı-satqı əməliyyatlarında, bir qayda olaraq, ciddi problemlər yaranmır. Əgər mənzilin və ya digər yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı varsa, tərəflər notariat kontoruna müraciət edərək yüklülük arayışını əldə edə və alqı-satqı prosesini qanuni qaydada həyata keçirə bilərlər. Lakin praktikada bəzi hallarda alqı-satqı əvəzinə etibarnamə ilə və ya hüquqi baxımdan qeyri-müəyyən hüquqların ötürülməsi yolu seçilir ki, bu da sonradan ciddi problemlər yaradır. Məsələn, bir şəxsin 99 illik icarəsində olan böyük torpaq sahəsinin müəyyən hissəsi etibarnamə ilə başqa şəxsə verilir. Həmin hissənin dəqiq sərhədləri müəyyən edilmir, ayrıca hüquqmüəyyənedici sənədləri olmur və icarə hüququnun ötürülməsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmir. Sonradan həmin ərazidə yaşayış evi tikilir və satışa çıxarılır. Halbuki, torpaq və tikili üzərində sərəncam hüququ olmadığı halda, belə əmlakın qanuni alqı-satqısı mümkün deyil. Çıxarışı olmayan daşınmaz əmlakın satışı hüquqi risklər yaradır”.
O qeyd edib ki, bu səbəbdən vətəndaşlar mənzil alarkən ilk növbədə daşınmaz əmlakın hüquqi sənədlərini diqqətlə yoxlamalıdırlar:
“Çıxarışın mövcudluğu əmlakla bağlı bir sıra mühüm məsələlərin aydınlaşdırılmasına imkan verir. Məsələn, əmlakın girovda olub-olmaması, ümumi birgə və ya paylı mülkiyyət hesab edilib-edilməməsi, nikah dövründə əldə olunub-olunmaması, qanuni vərəsələrin hüquqlarının olub-olmaması kimi məsələləri müəyyən etmək mümkündür. Bu məlumatları rəsmi qaydada öyrənmək çətin deyil. Əksinə, əmlakın hüquqmüəyyənedici sənədləri olmadıqda bu məlumatları dəqiqləşdirmək mümkün olmur. Nəticədə alıcı sonradan həm mülkiyyət hüququnun tanınması, həm də əmlak üzərində sərəncam verilməsi ilə bağlı uzunmüddətli hüquqi problemlərlə üzləşə bilər”.
Aysel
















